“Bəqərə” surəsi, 72-73
Qurandan günümüzə işarələr: ürək masajı
Quranın Allahın sözü olduğunu sübut edən bir çox möcüzəvi xüsusiyyəti var. Qurandakı elmi məlumatlarda, keçmişlə bağlı verilən xəbərlərdə, riyazi şifrələrdə o dövrdə heç bir insanın bilə bilməyəcəyi həqiqətlər ayələrdə xəbər…
Quranın Allahın sözü olduğunu sübut edən bir çox möcüzəvi xüsusiyyəti var. Qurandakı elmi məlumatlarda, keçmişlə bağlı verilən xəbərlərdə, riyazi şifrələrdə o dövrdə heç bir insanın bilə bilməyəcəyi həqiqətlər ayələrdə xəbər verilib. Bunlardan başqa, o dövrün bilik səviyyəsi və texnologiyası ilə əldə edilməsi mümkün olmayan inkişaflara Quranda bəzi ayələrdə əvvəlcədən işarə edilib. XX və XXI əsrin texnologiyası ilə çatdığımız bəzi elmi həqiqətlərin 1400 il əvvəl Quranda bildirilməsi Quranın Rəbbimizin sözü olduğunun açıq sübutudur. Quranda gələcəyə aid işarə ola biləcək ayələrdən biri Bəqərə surəsinin 73-cü ayəsidir:

وَإِذْ قَتَلْتُمْ نَفْسًۭا فَٱدَّٰرَْٰٔتُمْ فِيهَا ۖ وَٱللَّهُ مُخْرِجٌۭ مَّا كُنتُمْ تَكْتُمُونَ ٧٢ فَقُلْنَا ٱضْرِبُوهُ بِبَعْضِهَا ۚ كَذَٰلِكَ يُحْىِ ٱللَّهُ ٱلْمَوْتَىٰ وَيُرِيكُمْ ءَايَٰتِهِۦ لَعَلَّكُمْ تَعْقِلُونَ ٧٣
Yadınıza salın ki, siz o zaman bir nəfəri öldürüb (özünüzü təmizə çıxarmaq məqsədilə), onun (qatili) barəsində mübahisə edirdiniz. Halbuki Allah gizlətdiyinizi zahirə çıxarandır! Belə olduqda Biz: “(Kəsilmiş inəyin) bir parçasını ona (qatili bilinməyən ölüyə) vurun!” – dedik. (Onlar da vurdular və ölü dirildi). Allah (bütün) ölüləri bu qaydada dirildər və sizə Öz mö’cüzələrini göstərər ki, ağla gəlib (bunu) dərk edəsiniz.
Bu ayədə “bir parçası ilə” kimi tərcümə edilən ərəbcə “bi-ba‘diha” ifadəsinin mənaları arasında “biri, birilər” sözləri də var. Bu mənalar nəzərə alındıqda, sinəyə yuxarıdan vurulduqda ürəyin yenidən işləməsi mümkün ola biləcəyindən, ayədə ürək masajının edilməsinə işarə olunur. (Doğrusunu Allah bilir)
Məlum olduğu kimi, ürək masajı edilən şəxsdə ölü bədənin əlamətləri olur. Şüuru itmiş, tənəffüsü və ürək döyüntüsü dayanmışdır. Bugünkü biliklərlə ürəyi dayanmış şəxsə ürək masajı tətbiq edilərək onun ürəyinin döyünməsi və həyati funksiyalarının davam etməsi təmin olunur. Ürək masajında döş qəfəsinə müəyyən fasilələrlə təzyiq göstərilir və ürəyin qanı vurmaq üçün ritmik yığılması yenidən başladılır.

Bu baxımdan ayədə ölü bədənə vurularaq onun yenidən canlandırılması ayənin ürək masajı üsuluna işarə ola biləcəyini düşündürür. Quran hər şeyi yoxdan var edən, elmi ilə bütün varlıqları əhatə edən və zamandan münəzzəh olan Uca Allahın sözüdür. Buna görə də Quranda yer alan hər ayə Uca Rəbbimizin hikmətlə vəhy etdiyi məlumatları ehtiva edir. Allah bir ayəsində Quranla bağlı belə buyurur:
أَفَلَا يَتَدَبَّرُونَ ٱلْقُرْءَانَ ۚ وَلَوْ كَانَ مِنْ عِندِ غَيْرِ ٱللَّهِ لَوَجَدُوا۟ فِيهِ ٱخْتِلَٰفًۭا كَثِيرًۭا ٨٢
Onlar Qur’an barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar.


