“Vaqiə” surəsi, 71-74
Süni yolla əldə edilə bilməyən ağac və od möcüzəsi
Ağacın quruluşunu təşkil edən əsas kimyəvi maddələrdən biri “liqnosellüloza”dır. Bu maddə oduncağa möhkəmlik verən “liqnin” və “sellüloza” adlı maddələrin qarışığından ibarətdir.
أَفَرَءَيْتُمُ ٱلنَّارَ ٱلَّتِى تُورُونَ ٧١ ءَأَنتُمْ أَنشَأْتُمْ شَجَرَتَهَآ أَمْ نَحْنُ ٱلْمُنشِـُٔونَ ٧٢ نَحْنُ جَعَلْنَٰهَا تَذْكِرَةًۭ وَمَتَٰعًۭا لِّلْمُقْوِينَ ٧٣ فَسَبِّحْ بِٱسْمِ رَبِّكَ ٱلْعَظِيمِ ٧٤
Bəs (yaş ağacdan) yandırdığınız oda nə deyirsiniz? Onun ağacını yaradan sizsiniz, yoxsa Biz? Biz onu (sizi cəhənnəm odu ilə qorxutmaqdan ötrü) ibrət dərsi və səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq. Belə olduqda (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et!
Ağacın quruluşunu təşkil edən əsas kimyəvi maddələrdən biri “liqnosellüloza”dır. Bu maddə oduncağa möhkəmlik verən “liqnin” və “sellüloza” adlı maddələrin qarışığından ibarətdir. Ağacın kimyəvi quruluşu araşdırıldıqda onun 50% sellüloza, 25% hemisellüloza və 25% liqnindən əmələ gəldiyi görünür. Bu maddələrin kimyəvi formullarına baxdıqda isə onların tərkibində üç həyati kimyəvi elementə rast gəlinir: hidrogen, oksigen və karbon.

Hidrogen, oksigen və karbon elementləri təbiətdəki milyonlarla maddənin tikinti daşlarıdır. Lakin bu üç əsas element bir araya gələrək, Allahın bir möcüzəsi olaraq bitkilərin quruluşundakı “liqnosellüloza”nı əmələ gətirir. Elm adamları lazımi materiallara sahib olsalar da, bitkinin quruluşundakı bu xüsusi maddəni istehsal edə bilmirlər. Təbiətdə bol olan bu elementləri asanlıqla əldə edə bilmələrinə, üstəlik qarşılarında ağac nümunəsi olmasına baxmayaraq, elm adamları süni yolla bir parça oduncaq belə yarada bilmirlər. Halbuki ətrafımızda gördüyümüz bütün ağaclar havadakı oksigen və karbonu, su və günəş işığını birləşdirərək yer üzündə var olduqları vaxtdan bəri milyonlarla ildir ki, bu birləşməni fasiləsiz hazırlayırlar.
Digər tərəfdən, liqnosellüloza maddəsinin tərkib hissələrindən biri H2O formulu ilə ifadə olunan sudur. Taxtanın tərkibində kifayət qədər çox su olmasına baxmayaraq, onun ən asan yanan materiallardan biri olması çox xüsusi haldır. Yuxarıdakı ayədə ağacın insan tərəfindən düzəldilə bilməyəcəyinə odun yandırılması ilə birlikdə diqqət çəkilməsi də son dərəcə hikmətlidir. Su ilə birlikdə sahib olduğu digər komponentlər sayəsində ağac odun ən mühüm yanacaqlarından biridir.
Elm dünyasının mühüm tədqiqat sahələrindən olan ağaclar elm adamları üçün bir çox mövzuda ilham mənbəyidir və onların yaradılışındakı təfərrüatlar hələ də anlaşılmağa çalışılır. Ağacı təşkil edən hüceyrələrin mürəkkəb quruluşu inkişaf edən texnologiyaya və intensiv tədqiqatlara baxmayaraq, hələ tam anlaşılmayıb. Dünyanın aparıcı meşəçilik tədqiqat mərkəzlərindən olan Böyük Britaniya Meşəçilik Komissiyası “Oduncaq liflərinin kimyası və quruluşu haqqında məlumatların çatışmazlığı” başlığı altında bu ifadələrə yer verir:
Əvvəlki və hələ də davam edən tədqiqatlarla əldə edilən məlumatlara baxmayaraq, oduncaq liflərinin kimyası və quruluşu haqqında biliklərimiz hələ də natamamdır. Tək bir ağacda — budağın içindəki özəkdən ağac qabığına, ağacın dibindən zirvəsinə qədər — çox geniş müxtəliflik mövcuddur. Bir oduncaq hüceyrəsinin quruluşu və kimyası çox vaxt son dərəcə fərqlidir və adi üsullarla onu araşdırmaq çətindir.
Plant Physiology (Bitki fiziologiyası) adlı elmi nəşrdə isə “Our Understanding of How Wood Develops is not Complete” (Oduncağın necə inkişaf etdiyi barədə anlayışımız tam deyil) başlığı altında elm adamlarının bu mövzudakı məhdud bilgisi belə ifadə olunur:
Oduncağın yaxın gələcəyimizdə daha çox əhəmiyyət daşıyacağını nəzərə alsaq, bu materialın əmələ gəlməsi ilə bağlı mövcud anlayışımızın çox natamam olduğunu deyə bilərik. Bir neçə istisna xaricində oduncağın əmələ gəlməsinin arxasında duran, hüceyrə səviyyəsindəki molekulyar və inkişaf prosesləri haqqında çox az şey məlumdur. “Ksilogenez” adlanan proses hüceyrə diferensiasiyasının inanılmaz mürəkkəbliklə baş verdiyi bir nümunədir... Hüceyrənin əmələ gəlməsi, diferensiasiyası, proqramlaşdırılmış hüceyrə ölümü və bərk hissənin formalaşması ilə bağlı bir çox struktur genin bir-biri ilə əlaqəli işləməsini tələb edir və son dərəcə planlı olan bu inkişaf demək olar ki, heç bilinməyən tənzimləyici genlər tərəfindən idarə olunur. Bu prosesdə gen ailələrinin iştirakı və maddələr mübadiləsinin həddindən artıq çevik olması ağacın əmələ gəlməsi prosesinin anlaşılmasını daha da çətinləşdirir.
Annals of Botany (Botanika illiyi) adlı başqa bir elmi nəşrdə də oduncağın yaradılışındakı fövqəladəlik belə vurğulanır:
Oduncağın əmələ gəlməsi — köklərdə, gövdədə, ağacların və kolların zirvələrində — inanılmaz müxtəliflikdə metabolik mərhələləri əhatə edən olduqca mürəkkəb bir prosesdir... Ağacın müxtəlif məqsədlər üçün istifadə edilə bilən bir xammal olmasını təmin edən əsas xüsusiyyətlər, böyük ölçüdə hüceyrə divarlarının xüsusi memarlığı ilə müəyyən olunur.
Ağacın yaradılışındakı bu təfərrüatlar, Allahın Vaqiə surəsində bildirdiyi kimi, ağacın insan əli ilə düzəldilə bilməyəcəyini xatırladır. İnsanlar tərəfindən süni yolla istehsal edilməsi mümkün olmayan ağacın təqlid edilə bilməyən cəhətlərindən yalnız bir neçəsi bunlardır:
Davamlı material kimi taxta
Ağacın bərk və davamlı quruluşu tərkibindəki sellüloza lifləri sayəsində yaranır. Çünki sellüloza bərk və suda həll olmayan bir maddədir. Taxtanın tikintidə istifadəsini sərfəli edən də sellülozanın bu xüsusiyyətidir. Sellülozanın “dartıla bilən və bənzəri olmayan” material olması taxta binaların əsrlərlə ayaqda qalmasını təmin edir. Bundan başqa, sellülozanın bu xüsusiyyəti sayəsində taxta binaların, körpülərin, mebellərin və bir çox alətin hazırlanmasında digər bütün materiallardan daha çox istifadə olunur.
Taxta ucbauc birləşmiş uzun, içi boş hüceyrələrin yaratdığı paralel sütunlardan ibarətdir. Onların ətrafına isə spiral şəklində “sellüloza” lifləri sarınıb. Bundan əlavə, bu hüceyrələr mürəkkəb polimer quruluşlu qatrandan ibarət “liqnin” maddəsinin içindədir. Spiral şəklində sarınmış bu təbəqələr hüceyrə divarının ümumi qalınlığının 80%-ni təşkil edir və əsas yükü daşıyan hissədir. Bir taxta hüceyrəsi içəri çökdükdə, onu əhatə edən hüceyrələrdən qoparaq zərbənin enerjisini udur. Çöküntülər liflər boyunca uzun bir çat yaratsa da, taxta pozulmadan qalır. Beləliklə, taxta sınıq olsa belə, müəyyən miqdarda yükü daşıya biləcək gücdə olur.
Aşağı sürətli zərbələrin enerjisini udaraq yaranacaq zədəni azaltması baxımından da taxta mühüm material hesab olunur. İkinci Dünya müharibəsində “Mosquito” kimi tanınan təyyarələrin materialında taxtanın fanera təbəqələri arasında sıxışdırılması ilə o dövrə qədər zədəyə ən davamlı təyyarələr hazırlanmışdı. Taxtanın bərkliyi və davamlılığı ona həm də təhlükəsiz material keyfiyyəti qazandırır. Çünki taxta sınarkən çatın inkişafı kənardan müşahidə ediləcək qədər yavaş bir sınma prosesində baş verir və bu xüsusiyyət insanlara tədbir görmək üçün vaxt qazandırır.
Taxtanın quruluşu nümunə götürülərək hazırlanan bir material bu gün istifadə olunan digər sintetik materiallardan 50 dəfə çox davamlılıq göstərir. Taxtanın bu xüsusi quruluşu bu gün də güllə və bomba kimi yüksək sürətli və güclü dağıdıcı hissəciklərə qarşı qoruma təmin etmək üçün hazırlanan maddələrdə təqlid edilir. Lakin elm adamlarının bir oduncaq parçasını bütün xüsusiyyətləri ilə təqlid etməsi heç vaxt mümkün olmur. Ağacın yaradılışındakı hər təfərrüat — təbəqələrin incəliyi, sıxlığı, damarların sayı, düzülüşü, tərkibindəki maddələr — bu davamlılığı təmin etmək üçün xüsusi olaraq yaradılıb.
Suyu cazibə qüvvəsinə qarşı metrlərlə yuxarı daşıyan hidrofor sistemi
Ağacın oduncaq hissəsində “ksilem” adlanan kanallar var. Oduncaq boruları da adlanan ksilem toxuması cansız hüceyrələrin üst-üstə düzülməsi və zamanla nüvə və sitoplazmalarını itirməsi ilə əmələ gəlir. Hüceyrələr arasındakı eninə pərdələr əriyib yox olduqda, nazik boru şəklində oduncaq boruları yaranır.
Torpağın dərinliklərinə yayılmış köklər bitkinin ehtiyac duyduğu su və mineralları bu toxumalar vasitəsilə yuxarı daşıyır və yarpaqlara qədər çatdırır. Köklərin torpaqdakı suyu sorması sanki qazma texnikasını xatırladır. Köklərin suyu çəkmə prosesini başladacaq gücü təmin edən motoru yoxdur. Suyu və mineralları metrlərlə uzunluqdakı gövdəyə vuracaq texniki avadanlıqları da yoxdur. Amma köklər çox geniş sahəyə yayılaraq torpağın dərinliklərindəki suyu çəkə bilirlər.

Bitkinin qüsursuz şəkildə yerinə yetirdiyi bu daşınma əslində son dərəcə mürəkkəb prosesdir. Belə ki, bu sistem texnologiya və kosmos əsrinə çatdığımız bu gün belə tam anlaşılmış deyil. Ağaclardakı bir növ “hidrofor sistemi”nin varlığı təxminən iki əsr əvvəl kəşf edilib. Lakin suyun cazibə qüvvəsinə zidd olan bu hərəkətinin necə baş verdiyinə dəqiq izah verilə bilməyib. Belə kiçik bir sahəyə sığdırılmış bu üstün texnologiya, bu sistemi yaradan Rəbbimizin bənzərsiz elmini göstərən nümunələrdən yalnız biridir. Ağaclardakı daşınma sistemlərini də kainatdakı hər şey kimi Allah yaradıb.
Torpaqdan mineralları seçə bilən köklər: bitki kökü
Bitkilər ehtiyac duyduqları kalium, fosfor, kalsium, maqnezium, kükürd kimi bütün mineral qidaları torpaqdan alırlar. Bu maddələr torpaqda tək halda olmadığı üçün bitki onları ion (müsbət və ya mənfi yüklü atom) şəklində sorur. Torpaq məhlulundakı çoxsaylı qeyri-üzvi ionlar arasından bitkilər yalnız ehtiyac duyduqları 14-nü götürürlər.
Bitki hüceyrələrinin içindəki ionların sıxlığı torpaqdakı ionların sıxlığından 1000 dəfə çoxdur. Normal şəraitdə maddə axını yüksək sıxlıqlı bölgədən sıxlığı az olan bölgəyə doğru baş verir. Lakin köklərdə müşahidə olunan tam əks vəziyyətə baxmayaraq, torpaqdakı ionlar kök hüceyrələrindən asanlıqla keçir.
Təzyiq sisteminin əksinə işləyən bu vəziyyət səbəbindən bitki vurma prosesində çox enerji sərf edir. Üstəlik, bitki köklərinin torpaqdan ion qəbul etməsində yalnız istənilən ionları çəkən və istənilməyənləri geri itələyən bir tanıma sisteminin də olması lazımdır. Bu da kök hüceyrələrindəki ion nasoslarının sadəcə adi nasoslar olmadığını, ionları seçmə xüsusiyyətinə də malik olduqlarını göstərir. Bitki kökündəki hüceyrələrin ağıl və şüurdan məhrum atom yığınları olduğunu düşünsək, ion seçmə prosesinin nə qədər fövqəladə bir hadisə olduğu daha yaxşı anlaşılar.
Miniatür fabrikdəki üstün texnologiya: fotosintez
Ağacın yalnız oduncaq və ya kök hissəsi deyil, yarpaqları da bugünkü texnologiya ilə belə süni yolla əldə edilə bilmir. Yarpağı təqlidedilməz edən xüsusiyyətlərin başında, şübhəsiz ki, fotosintez etmə qabiliyyəti gəlir. Elm adamlarının hələ tam anlaya bilmədiyi sistemlərdən biri olan fotosintez bitkilərin öz qidalarını özlərinin istehsal etməsi kimi də xülasə edilə bilər. Bitki hüceyrələri günəş enerjisini birbaşa istifadə edə bilən quruluşlar sayəsində Günəşdən gələn enerjini mürəkkəb proseslər nəticəsində insan və heyvanların qida kimi istifadə edə biləcəyi enerji şəklində saxlayır. Bundan başqa, ağacda toplanmış fotosintetik enerji yanma zamanı da üzə çıxır. Məsələn, evinizi isitmək üçün yanan ağacdan çıxan enerji əslində ağacın formalaşması zamanı Günəşdən gələn enerjidir.
Miniatür bir fabrik kimi işləyən fotosintez sistemi bitki hüceyrəsində yerləşən və bitkiyə yaşıl rəngini verən “xloroplast” adlı orqanoiddə baş verir. Xloroplastlar millimetrin mində biri böyüklüyündədir, buna görə də yalnız mikroskopla müşahidə edilə bilir. Günəş işığı yarpağın üzərinə düşdükdə yarpaqdakı təbəqələr boyunca irəliləyir. Yarpaq hüceyrələrindəki xloroplast orqanoidlərinin içindəki xlorofillər bu işığın enerjisini kimyəvi enerjiyə çevirir. Bu kimyəvi enerjini əldə edən bitki isə onu dərhal qida istehsalında istifadə edir. Bir neçə cümlədə xülasə olunan bu məlumatı elm adamlarının əldə etməsi XX əsrin ortalarına qədər çəkib. Fotosintez prosesini izah etmək üçün səhifələrlə reaksiya zəncirləri yazılır. Lakin bu zəncirlərdə hələ də naməlum halqalar var. Halbuki bitkilər yüz milyonlarla ildir bu prosesləri heç yanılmadan həyata keçirərək Yer üzünə oksigen və qida təmin edirlər.
Ağacı təşkil edən tək bir hüceyrənin belə süni yolla yaradıla bilməməsi, insanın ağacın ölü hüceyrələri qarşısında əlindəki bütün imkanlara baxmayaraq aciz qalması üstün bir Yaradanın varlığını göstərir. Ağacların haqqında cildlərlə kitab yazıla biləcək xüsusiyyətləri, elm adamlarına ilham verən saysız cəhətləri ağacın yaradılışındakı üstün elmi və ağlı nümayiş etdirir. Ağacda təzahür edən bu elm və ağıl hər şeyi yaradan və hər şeyin yeganə Hakimi olan Uca Allaha aiddir.
Mənbələr
- Malcolm Wilkins, Plantwatching, Facts on File Publications, New York, 1988, s. 119.
- William K. Purves, Gordon H. Orions, H. Craig Heller, Life, The Science of Biology, 4. baskı, W.H. Freeman and Company, s. 724.
- http://www.montana.edu/wwwpb/pubs/mt8405.html; Michael Vogel, "Heating with Wood: Principles of Combustion", 2003.
- http://tr.wikipedia.org/wiki/Nebula_%28astronomi%29
- http://www.seds.org/messier/xtra/ngc/n2244.html
- http://antwrp.gsfc.nasa.gov/apod/ap010214.html
- http://en.wikipedia.org/wiki/Rosette_Nebula
- http://chandra.harvard.edu/press/01_releases/press_090601…; Chandra X-Ray Observatory, Penn State University Press, 6 Eylül 2001.
- http://en.wikipedia.org/wiki/Quasar
- http://www.thefreedictionary.com/quasar; http://antwrp.gsfc.nasa.gov/apod/ap951022.html


